HAQQIMIZDA

Azərbaycan Аğız və Üz-çənə Cərrahlar Cəmiyyəti (AzOMFS) haqqında

Azərbaycanda ağız və üz-çənə cərrahiyyəsinin başlanğıc tarixini 1936-cı ildə işıq üzü görən «Eksperimental şəraitdə cərrahi stomatologiya» adlı elmi işlə bağlamaq olar. Onun müəllifi professor Gülbala Rəhman oğlu Qurbanov Azərbaycanda üz-çənə cərrahiyyəsinin, eləcə də rekonstruktiv cərrahiyyənin banisi hesab olunur. 

Şək. professor Gülü Rəhman oğlu Qurbanov (1896-1976)

Şək. G.Qurbanov kafedra əməkdaşları ilə əməliyyat zamanı

2-ci Dünya müharibəsində yaralıların müalicəsində fəal iştirak edən G.Qurbanovun öz şəxsi təcrübəsinə əsaslanaraq yazdığı «Odlu silahla yaralanmalardan sonra üzün yumşaq toxumalarında plastika əməliyyatlarının üsulları» adlı kitabı fundamental əsər kimi dünya plastika cərrahiyyəsi klassikasına daxil edilib. 

1956 -cı ildə Azərbaycan Tibb İnstitutunda ixtisas üzrə ilk təhsil müəssisəsi yaradılır- Cərrahi Stomatologiya kafedrası və G. Qurbanov bu kafedraya 1974-cü ilə qədər rəhbərlik edir. Kafedranın klinik bazasına Bakı Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda 20 çarpayılıq yer ayırılır.

1961-ci ildə Bakı şəhərində 1 saylı çoxprofilli xəstəxanasında ilk ixtisaslaşmış 60 çarpayılıq üz-çənə cərrahiyyəsi şöbəsi yaradılır və Cərrahi Stomatologiya kafedrası burada yerləşdirilir. Sonralar kafedraya başçılıq edən dosent Baxış Hüseyn oğlu Hüseynov (1974-1980-ci illər), professor Teymur Əsəd oğlu Babayev (1987-2007-ci illər), professor Çingiz Rəhim oğlu Rəhimov (2007-ci ildən bu günə qədər) ixtisasın müxtəlif sahələrinə aid olan müalicə işlərini inkişaf etdirir, elmi tədqiqatlara rəhbərlik edirlər və elmi işləri icra edən gənc mütəxəssislər elmi adlara layiq görülür.

1974-cü ildə Respublika Kliniki Xəstəxanasında 20 çarpayılıq 

 ikinci ixtisaslaşmış üz-çənə cərrahiyyəsi şöbəsi yaradılır və burada diplomdan sonra həkimlərin təkmilləşdirmə kursu təşkil edilir. Yaranan gündən professor Oqtay Seyidbəyov bu kafedraya rəhbərlik edib və vəfatından sonra burada kafedra müdiri dosent Həsən Əsədov seçilib. 

1977-ci ildə Bakı şəhər 1 saylı xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində uşaqlar üçün çarpayılar ayırılır və beləliklə, uşaq üz-çənə cərrahiyyəsinin əsası qoyulur. 

1978-ci ildə ilk dəfə bakalavr səviyyəsini əldə edənlər üçün həkim cərrah-stomatoloq ixtisası üzrə 1-illik internatura yaradılır.

1991 və 1994-cü illərdə qonşu ölkənin okupasiyasına qarşı aparılan Qarabağ müharibəsində əldə olunan hərbi-tibbi təcrübə Azərbaycanda üz-çənə cərrahiyyəsinin inkişafına  əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Burada Azərbaycan mütəxəssislərinin köməyinə gəlmiş professor İbrahim Yıldırımın başçılıq etdiyi Türkiyəli plastik- rekonstruktiv cərrahların rolu danılmazdır. 

2006-cı ildən Azərbaycan Tibb Universitetində Cərrahi Stomatologiya kafedrasının adı dəyişdirilərək Ağız və Üz- çənə Cərrahiyyəsi kafedrası adlandırılır. Həmin il Azərbaycan dilində ağız və üz-çənə cərrahiyyəsi adlı ilk monoqrafiya işıq üzü görür (professor Yunis Əmiraslan oğlu Yusubov).

Azərbaycan Respublikasında milli tibbi-hüquqi siyasət

Müstəqillik əldə edilənə qədər ixtisas üzrə bütün dissertasiya elmi işlərini yalnız keçmiş SSSR-in paytaxtı Moskva şəhərində təşkil olunan Şuralarda müdafiə etmək olurdu. 2006-cı ildə müstəqil Azərbaycan Respublikasında stomatologiya ixtisası üzrə ilk doktorluq dissertasiyası müdafiə edilir (professsor Əziz Cəmil oğlu Əliyev). 

2008-ci ildən üz-çənə cərrahiyyəsi müstəqil sahə kimi Səhiyyə Nazirliyinin ixtisaslar siyahısında yer alıb. 2010-cu ildən Azərbaycan Respublikasında «həkim üz-çənə cərrahı» adını almaq üçün bakalavr səviyyəsini əldə edən stomatologiya fakültəsinin məzunları 5 illik dövlət sifarişin əsasında rezidentura Təhsil Proqramını keçməlidirlər. Rezidenturanı bitirən həkim-mütəxəssislər Səhiyyə Nazirliyinin təyinatı ilə işlə təmin olunur.

Xaricdə təhsil almış mütəxəssislər mütləq Səhiyyə Nazirliyinin nostrifikasiyasından keçməlidirlər.

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti

2017-ci ildə bir qrup qabaqcıl ağız və üz-çənə cərrahı Azərbaycanda ixtisasa aid vahid qurumun yaradılması təşəbüssünü irəli sürür və bu məqsədlə Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti (AzOMFS) təsis edilir. Cəmiyyətin sədri, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimov seçilir 

Hazırda Respublikada müxtəlif dövlət və özəl klinikalarda AzOMFS üzvləri olan 50-dən çox üz-çənə cərrahı, 200-ə yaxın ağız cərrahları çalışır. Onlar arasında 6 tibb üzrə elmlər doktoru, 35 tibb üzrə fəlsəfə doktoru (PhD) adını qazananlar var.

AzOMFS üzvləri Cəmiyyətdə fəxri, fəal, assosiativ üzvlər, rezidentlər və tələbələr kimi təmsil olunur. Onların bəziləri eyni zamanda IAOMS, EACMFS, AO CMF və d. profil üzrə Cəmiyyətlərin fəal üzvləridir

AzOMFS fəaliyyəti

Yaradıldığı gündən etibarən AzOMFS dünya ictimai birliyinə inteqrasiya olmaq üçün xarici həmkarlarla əməkdaşlığını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi seçmişdir.

2018 ildən AzOMFS Beynəlxalq Ağız və Üz-Çənə Cərrahlarının Assosiasiyasının (İAOMS) üzvü olub və Avropa Kəllə Üz-Çənə Cərrahları Assosiasiyası (EACMFS) tərəfindən tanınıb. 

AzOMFS-un Təqdimat Mərasiminə (29-30 iyun, 2018 il, Bakı şəh.) xarici ölkələrdən 30-dan çox tanınmış cərrahlar və EACMF-in nümayəndələri dəvət edilərək Elmi Forum keçirilmişdir.

Tibbi xidmətin daha yüksək səviyyələrə qaldırılması üçün AzOMFS ölkədə mütəmadi olaraq aparıcı mütəxəssislərin iştirakı ilə sahənin aktual problemlərinə aid elmi-praktiki kurslar keçirir.

2019-cu ilin 14-16 Mart tarixlərində AzOMFS özünün 1-ci Beynəlxalq Konqresini keçirmişdir. 15 ölkəni təmsil edən dünyaca məhşur cərrah və alimlər, dəvət olunan məruzəçilər sırasında idi. 500 nəfərdən çox iştirakçısı olan bu tədbirdə 135 elmi-tədqiqat işinə baxılıb: onlardan 25-i plenar məruzələrdə, 75-i açıq çıxışlarda, 16-sı poster nümayişlərində, qalanları isə tezis şəklində Abstrakt kitabçasında. Həmçinin, Konqres zamanı Master Klaslar təşkil olunub.

Şək. AzOMFS –un 1-ci Beynəlxalq Konqresi (2019-cu il 14-16 Mart)

Bu günləri yerli mütəxəssislər dünya ağız və üz-çənə cərrahiyyəsində əldə olunan nailiyyətlərini Azərbaycanda tətbiq etməyə nail olublar: mikrocərrahiyyə, endoskopik cərrahiyyə, rəqəmsal kompüter texnologiyalara əsaslanan diaqnostika və müalicə, naviqasion cərrahiyyə, kraniofasial cərrahiyyə və s. Bununla yanaşı Azərbaycan mütəxəssisləri rekonstruktiv cərrahiyyədə artırılmış reallıq texnologiyalarının tətbiqi ilə artıq dünya elmi forumlarında özlərinin inovasiyon üsulları ilə tanınır.

Şək. professor Ç.Rəhimovun rəhbərliyi altında aparılan inovasion əməliyyatlar.

AzOMFS  üzvləri eyni zamanda EACMFS və İAOMS qurumların tədbirlərində dəvətli məruzəçi kimi plenar iclaslara dəvət alır, açıq təqdimatlarla və poster nümayişlərlə iştirak edir.

Hər iki ildən bir keçirilən EACMFS Konqresinə Bakı şəhərinin ev sahibi olması üçün AzOMFS sədri professor Ç.Rəhimov EACMFS 2026 və 2028-ci illər üçün Prezident seçkilərinə qatılmış və ən real namizədlərdən biri olmuşdur. Bir çox Avropa ölkəsindən dəstəyə nail olduğumuza görə əminik ki, yaxın zamanlarda Bakı şəhəri belə bir mötəbər tədbirə ev sahibliyi edəcək.

Bununla belə AzOMFS digər nüfuzlu beynəlxalq quruma - 50 ildən çox tarixi olan Dünya Üz-çənə Cərrahlar Kolleci (İCMFS) təşkilatına üzv olub. Dünyada ölkəmizin artan nüfuzunu və Cəmiyyət üzvlərinin beynəlxalq tədbirlərdə fəal iştirakını nəzərə alaraq, AzOMFS sədri professor Çingiz Rəhimov 2023-cü ildə həmin təşkilatın Vitse-Prezidenti vəzifəsinə seçilib və bu qurumun 33-cü Konqresinin 2025-ci ildə Bakı şəhərində keçirilməsinə qərar verilib.

Əlamətdar günlər:

  1. 5 may 2017-ci il. Bir qrup qabaqcıl ağız və üz-çənə cərrahı bir araya gələrək Azərbaycanda ixtisasa aid vahid qurumun Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin yaradılması təşəbüssünü irəli sürür və bu məqsədlə müvafiq dövlət qurumuna müraciət edir. Cəmiyyətin sədri, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri professor Çingiz Rəhimov seçilir.
  2. 29 sentyabr 2017-ci il. Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti (AzOMFS) qeyri-dövlət ictimayi təşkilat kimi rəsmi qeydiyyatdan keçir. 
  3. 29 -30 iyun 2018-ci il. AzOMFS təqdimat mərasimində dünya üzrə bir neçə peşəkar mütəxəssisi dəvət edərək Bakıda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında  “Müasir üz-çənə cərrahiyyəsinin inkişaf yolları” mövzusunda Beynəlxalq Elmi Forum keçirir.
  4. 14-16 sentyabr 2018-ci il. israilli mütəxəssislərin iştirakı ilə «Kiçik invaziv yolla Sinus Lift əməliyyatı» praktiki kursu keçirilir.
  5. 29–30 oktyabr 2018-ci il. «Cərrahi əməliyyatların nəticələrinin öncədən hesablanması: yeni növ alətlər»: ABŞ mütəxəssislərinin iştirakı ilə canlı cərrahiyyə praktiki kursu keçirilir.
  6. 18-19 yanvar 2019-cu il. «All on four» -Türkiyə mütəxəssislərinin iştirakı ilə canlı cərrahiyyə praktiki kursu keçirilir.
  7. 14-16 mart 2019-cu il. Ölkəmizin ən iri və ultramüasir məkanı olan Bakı Konqres Mərkəzində AzOMFS 1-ci Beynəlxalq Konqresi keçirilib. Tədbirə 17 ölkədən 30-a yaxın tanınmış məruzəçi dəvət olunmuşdur. Konqresin 3 günlük zəngin Elmi Proqramını (plenar çıxışlar, simpoziumlar, sərbəst prezentasiyalar, poster təqdimatları, master-klaslar) 500-dən çox iştirakçı dinləmişdir https://2019.az-omfs.az/gallery.html).
  8. 15-18 sentyabr 2020-ci il. Parisdə keçirilən EACMF Konqresində digər nüfuzlu təşkilat arasında dəvətli Cəmiyyət kimi AzOMFS yer almışdır. AzOMFS-a ayırılan xüsusi sessiyada qurumun qabaqcıl mütəxəssisləri 6 prezentasiya təqdim edib və digər dəvətli Cəmiyyət arasında ən çox dinləyici qazanmışdır.
  9. 17-20 sentyabr 2020-ci il. Madriddə keçirilən EACMF Konqresində AzOMFS sədri professor Ç.Rəhimov dəvətli məruzəçi kimi çıxış etmiş və sessiyaların birində sədrlik etmişdir.
  10. 1-5 may 2023-cü il. Dünya Üz-çənə Cərrahlar Kolleci (İCMFS) təşkilatının 32-ci Konqresində AzOMFS nümayəndələri professor Çingiz Rəhimov və dosent Fərman Həsənov dəvətli məruzəçi kimi çıxış etmiş və sessiyaların birində sədrlik etmişdirlər.

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin Ukrayna həmkarlarına göndərdiyi humanitar yardım

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti I və II Qarabağ Müharibələrində əldə olunan zəngin təcrübəsi olan fəal üzvləri simasında, humanizm və həmkarlıq prinsiplərinə əsaslanaraq, toplanan üzvlük və şəxsi ianələr hesabına, bizim ukraynalı həmkarlarımıza - üz-çənə cərrahlarına dəstək olaraq osteosintez cərrahi əməliyyatları üçün 5000 manatdan artıq olan yardım paketi hazırlamışdır (cərrahi dəst, alətlər, rekonstruktiv və mini titan lövhələr və s.). AzOMFS olaraq, biz ukraynalı həmkarlarımızı əmin edirik ki, gələcəkdə də öz humanitar aksiyalarımızı əsirgəmiyəcəyik.

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin Türkiyə dövlətinə göndərdiyi humanitar yardım

Azərbaycan Ağız və üz-çənə cərrahlar Cəmiyyəti çoxsaylı insan itkisinə səbəb olan Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar humanizm və xeyirxahlıq prinsiplərini əsas tutaraq qardaş türk xalqı ilə dərdlərinə şərik olduğunu bildirərək Cəmiyyət üzvləri tərəfindən toplanan 5500 ABŞ dolları AFAD hesabına köçürülmüşdür.

Zəlzələ naticəsində həlak olanlara Allahdan Rəhmət diləyir, yaxınlarına və doğmalarına dərin hüzünlə başsağlığı veririk. Yaralılara şəfa, dağıntılar altında qalanlara isə Allahdan kömək diləyirik.

“Dear Prof. Dr. Chingiz Rahimov,

Dear Friend,

Thank you for the help you sent. It is a very valuable and empowering resource for us to learn that you, our brothers and sisters, share our sorrow and pain during these difficult times. Thank you for your sensitive thoughts and support.”

President, Oral and Maxillofacial Surgery Society

Hakan H. Tüz, DDS, PhD,Prof., Dep. OMFS, Hacettepe University

Conference Location

ADDRESS:

130 Tabriz Street, AZ1008
Baku, Azerbaijan

LOCATION:

PHONE NUMBER:

(+994) 55 274 22 22

(+994) 50 888 08 80

EMAIL ADDRESS:

info@az-omfs.az